Ulus Baker - Sad və Mazox : Siyasi İqtisada qarşı diplomatiya


İztirab və həzzlə bağlı düşüncələri açıq-aşkar olsa da Sadın yazıları ilə Mazoxun yazıları bir-birilərilə qarşılaşdırıla, eyniləşdirilə bilməz. Birinci tərəf daha çox “Siyasi İqtisada”-a, ikinci tərəf isə “siyasət” və ya diplomatiyaya yönəlmişdir. Amma onları tərsinə tərənnüm edilmiş bazis -  üsrtqurum əlaqləndirilməsi ilə də qavramaq düzgün olmazdı.

Sad ilə Zaxer Mazoxu birləşdirən iki xəttdən uzaq durmalıyıq – birincisi, “sadomazoxizm” terminini psixoanalitik lüğətə daxil edən Kraft-Ebinqdən bəri sadist cərəyan ilə mazoxist cərəyan arasında psixoanalitik mədəniyyətin qismən qəbul etdiyi “konsensus” və “inteqrasiya” düşüncəsi, digəri isə “sadomazoxizm” deyə bir şeyin qəbul olunmasıdır.

Sadın yazıları və yaşam meyli sayılaraq “sadizm” (bu kəlimə xatırlatdığı səhnələrdən daha qorxuncdur) müəyyən “siyasi iqtisad”-a paraleldir. Bunun sayəsində Lacan onu “libidinal rejim” içində layiq olduğu yerə, Kantla yanaşı yerləşdirə bilər: Kantla birlikdə əxlaqi baxımdan yaxşı olan şey, artıq qanunun araşdırmaq və kəşf etmək, sonra isə elan etmək məcburiyyətində qaldığı “mütləq” bir yaxşılıq deyildir. Jill Delyuzun bildirdiyi kimi, “yaxşı olan yalnız  qanunun dediyidir”.

Kant və Sad eyni sözü tərsinə çevirərək iki dəfə işlədirlər: Necə ki əxlaqın “subyekti” boş bir qəlib olmalıdırsa, həzzin “subyekti” də elə olmalı deyilmi? (Sad). Boş qəlib ya da “forma” bədəndən ayrıla bilər, amma həzz ayrılmaz. Bu halda Sad deyə bilər: bədəninə xor baxaraq əşya halına gətirən sənsən (xristian əxlaqında olduğu kimi)... Bu halda onun üzərində haqq sahibiyəm və ondan öz bildiyim kimi, istədiyim formada istifadə edə bilərəm. Və heç kim mənə mane ola bilməz.

“Haqq sahibi olmaq” həzzindən söhbət gedirsə, birbaşa “siyasi iqtisad”-la toqquşur. Necə ki, Adam Smit və Rikardo ilə birlikdə “siyasi iqtisad” Fukonun dediyi kimi “sərvətin analizi”nin yerinə keçdisə, necə ki, Kantın “mənim Kopernikçi inqilabım” adlı “tənqid fəlsəfəsi”-lə dünya bu vaxta kimi obyektin ətrafında fırlandığı halda artıq hər şey “subyektin” ətrafında dövr edəcəksə, Saddan və əlbəttə Freyddən sonra arzu “obyektlərini” arzulayan subyektlərin ətrafında dönməyə başlayacaqdır.

Freyd Sadın payını “qəsb edir” və nəzəriləşdirir. Siyasi iqtisadın əsl mənada yaranmasından əvvəl fiziokratlar və merkantilistlərin diqqəti necə “böyük mülkə” və xarici sərvətə (təbiətə, meşələrə, böyük torpaq mülkiyyəti) yönəlmişdisə, Freyddən əvvəlki psixologiyanın nəzərləri də arzulanan obyektlərin nə olduğuna yönəlmişdir. Siyasi iqtisad nəzərlərini artıq “subyektiv” ünsürə - əməyə və sərmayəyə; Freyd isə arzulanan subyektə (“təxəyyül sərmayəsi”) yönəltməkdədir.

Marksa əsasən siyasi iqtisadın etdiyi xətanı Freyd də öz sahəsində təkrarlayacaqdır. Sərmayənin subyektivliyi eyni zamanda başqasının obyektivliyi olduğunu görə bilməmək- siyasi iqtisad - sərmayəyə büllurlaşmış bir əmək məhsulu kimi baxılacağını görə bilmir. Freyd isə insan övladının günahkarlıq hissi kimi bilinən hekayənin əslində ana-atanın uydurması, xəyalı olduğunu görə bilmir  (Edip).

Freydin Sadla paralelliyi qismən doğrudur. Kraft Ebinq “sadomazoxizm” deyə bir şey uydurmasaydı, doğru olaraq qalacaqdı da. Doğru olmayan hissə Sadın əsərlərinin əsasını təşkil edən ideyanın siyasi iqtisad məzmununda olduğunun fərqində olmamasıdır.

Siyasi iqtisad baxımından sevişmək məhsul verirsə, əxlaqsızlıq sayılmır. Xristianlığa əsasən, pis sayıla bilər, amma əsla əxlaqsızlıq hesab edilə bilməz. Döl əmələ gətirməyən sevişmə isə əxlaqi deyil. Bəzi hallarda bağışlanıla bilər, lakin əxlaqi deyildir. Beləliklə, əxlaqi pozğunluq ailəvi siyasi iqtisad həddinin keçilməsi, onun dəf edilməsi üçün bir yoldur. Sevişməyi, məhsul dövriyyəsini yenidən başladacaq bir uşaq əmələ gətirəcək istehsal fəaliyyəti şəklinə salmayan adam pozğundur.

Azğınlığın ən çox yayılmış formaları eyni zamanda ən “doğru”, başqa sözlə desək, ən “şiddətli” növü olsa, bunun səbəbi tam həzzə yönəlmiş bir libidinal qənaətin özündə “ağrı mexanikası” daşımasıdır. “Sadizm” və “mazoxizm” kəlimələrini hələlik qəbul etsək, bunların ümumi mənada “çox tərəfli azğınlıq” növləri olaraq həzzin havayı, evlilik və döl əmələgətirmə prosseslərinin “əks məhsulu” olaraq əldə edilməsinə qarşı çıxdıqlarını da qəbul etmək lazımdır.

“Normal” hesab edilən, həyatla bağlantısı  yalnız “döl vermə” və istehsal mexanizmlərinə əmək qüvvəsi əldə etmək olan “çoxyönlü azğınlıq” növləri olaraq “sadizm” və “mazoxizm” fərqli ölçülərdə “baha başa gəlir”. Sadizmin ehtiyacları mazoxizmdən olduqca daha yüksək olsa belə, həzz əldə etmə qarşılığında müəyyən bir sərmaye yatırmaq zəruridir-bir qala, gözətçilər, işgəncə vasitələri, xidmətçilər və hərəmləri... Bu cinsi əlaqədə həzz həmişəkindən daha da baha satın alınmaqdadır. Beləcə ifratçılıq ödənilən haqqın daşmasıdır. Heç haqq ödənməsə, hər hansı bir “daşma” prossesi də yaşanmaz. Sadizmlə mazoxizmin ortaq cəhətləri burada qurtarır. Amma bundan sonra bir-birilərini bütünləşdirdikləri, vəhdət təşkil etdikləri, daim əlaqədə olduqları kimi fikirlər də olmayacaqdır.

Psixoanaliz ədəbiyyatının müəyyən bir seqmentinin dəstəklədiyi, tez-tez rast gəlinən "sadomazoxizm" fikri, istər ortaq bir psixika, istərsə də bir tamamlayıcılıq mövzusunda, xüsusilə Sad və Mazox ədəbiyyatının işığında tamamilə yalnışdır. Sadın “istəkləri”  Mazoxunkular ilə daban-dabana ziddiyət təşkil edir - harada bir sadist varsa, orada ona cavab verə biləcək bir mazoxist də tapıla bilər, tezisi səhvdir. Çünki sadizmin və mazoxizmin “istəkləri”, onların bir-birilərini cavablandırmasına mane olar.

Sadın əsəri əsasən səhnənin vəziyyətinə, bədənlərin obyektləşərək yazılmasına istiqamətlənib. Əsərlərindəki təsvirlər və “soyuqluq” çətin həyatında o qədər aydın görünür ki, bu qəribəliklərə görə bəziləri Sadı “pis” yazıçı kimi də qələmə verdilər.

Zaşer Mazoxun əsərində ədəbi növ olaraq əhvalata, struktur olaraq isə "müqavilə", "akt", "proqram" tipində  mətnə uyğun gəlir. Konvensiya və tənbeh, amma eyni zamanda bədənə göstərilməli olan diqqət hakim mövqe daşıyır: "Sevgili məşuqəm, əvvəl əlinə incə bir iynə  alaraq başdan-tikəcəksən ... amma sabah bir tibb imtahanının var, buna görə qətiyyən iz buraxmamalısan... və sair".

Mazoxizmdə məsələ passivlik, ya da fantaziyada deyil. Passivlik vizuallaşaraq partnyorlar arasındakı aktiv bir əlaqəyə də gətirib çıxara bilər - mazoxistin köməyinə gələn sadist deyil - aktivliyi müəyyən müddət ərzində təyin olunacağı üçün aktiv - passiv əleyhdarlığı artıq “yox” vəziyyətindədir. Beləcə ən əhəmiyyətli "mazoxist" mətnlərdən biri, Leopold von Zaşer Mazoxun arvadı Vilhelmina von Zaşer Mazoxun avtobioqrafiyası yaranmışdır. 19 - cu əsrin xarici siyasi feminist mətnlərindən seçilən bu avtobioqrafiya ərini əlində saxlamaq istəyən, uşaqlarını qoruma arzusuyla ərinin qəribə zövqlərinə cavab vermək məcburiyyətində qalan bir orta səviyyəli qadının dili ilə danışılır, "bədənin qadir olduqlarının kəşfi" dediyi bir həyat prosesi, feminist xarakterli bir formulla sona çatar: "Həyatda bir qadın olaraq nələrə qadir olduğumu artıq başa düşürəm". Proses təhlükəlidir, ancaq dəyəri hələ yoxlanılmamış olmasındadır. Sad ilə Mazox ədəbiyyatının tanınmamağı, onları sinfi və coğrafi bir kartoqrafiyaya sığdıra bilməmizə də kömək edəcək - Mazox əhvalatları “həqiqi xarakterdədir”. Sad isə içinə səhnə təsvirləri yerləşdirdiyi  böyük  teatr - roman ve siyasi pedaqoji üslubuna qaçır. Son olaraq, sadomazoxizmin tərkibi pornoqrafik fantaziyalar dünyasından başqa bir şey deyil. İyrənc porno məhsulları fantaziyalardan yaranmış bir şeydir. Amma biz nə Sadda, nə də Saxer Mazoxun əsərlərində belə belə fantaziyaları görə bilmərik. Xüsusilə də Mazoxda hər bir təcrübə dilinə rast gəlirik. Bu əsərlərdə isgəncədən daha çox kəşflər və insan bədəninin qüdrətlərini, affekt vəziyyətini görürük.

  1998, aprel   Tərcümə: Novruz Bəylərzadə                                      (c) solfront.org   [Məqalə original yazıdan solfront.org üçün hazırlanmışdır]