“Mən də yaşamışam” ömür kitabından1
Fidel Kastro2
Havanaya zəfərli yürüşündən iki həftə sonra Fidel Kastro qısa müddətə Karakasa gəldi. İstəyirdi ki, Kuba inqilabçılarına göstərdikləri kömək üçün, verdikləri silah üçün Venesuela hökumətinə və xalqına təşəkkürünü bildirsin. Təbii ki, bu köməyi prezident vəzifəsinə təzəcə seçilmiş Betankur3 deyil, sabiq prezident admiral Volfqanq Larrasabal göstərmişdi. Venesuelanın sol qüvvələrinə, o cümlədən kommunistlərə rəğbət bəsləyən Larrasabal Kuba inqilabçıları ilə həmrəy idi.
Venesuelada Kuba inqilabının gənc lideri çox hərarətlə qarşılandı. Siyasi xadimlərin belə qarşılanmasını az görmüşəm. Fidel dalbadal dörd saat Karakasın ürəyi - əzəmətli El-Silensio meydanında nitq söylədi. Ayaq üstə dayanıb tam sükutla onun nitqinə qulaq asan iki yüz min adamın içində mən də vardım. Çoxları kimi, mənim üçün də Fidel Kastronun çıxışı yenilik idi. O, əzəmətli kütlənin önündə çıxış edəndə anladım ki, Latın Amerikasında yeni dövr başlanır. Danışığındakı təzəlik və qeyri-adilik mənim xoşuma gəldi. Hətta ən yaxşı siyasi xadimlər və həmkarlar ittifaqı nümayəndələri belə danışarkən qəlib ifadələrdən istifadə edirlər. Onların nitqlərində dərin məna olur, amma ifadələr çeynənmiş, köhnə olduğundan nitqin ilkin qüdrəti azalır. Fidel natiqlik qəliblərini tanımır. Onun dili sadə və inandırıcıdır. Görünür, danışıb öyrədəndə elə özü də öyrənir.
Prezident Betankur mitinqdə deyildi. Ona heç vaxt hörmət göstərməyən Karakas əhalisi ilə görüşməkdən qorxmuşdu. Fidel onun adını çəkən kimi möhkəm fit və qışqırıq eşidilirdi. O isə bu səsləri əlinin işarəsiylə kəsməyə çalışırdı. Mənə elə gəlir ki, Kuba inqilabçısıyla Betankur arasındakı düşmənçilik elə o gün başladı. Şəxsən mən elə düşünürəm ki, o nitq, odlu-alovlu Fidelin çoxminlik kütlədə doğurduğu o çoşğunluq, Karakasda camaatın özünü unudaraq ona qulaq asması köhnə biçimli siyasi xadim olan, dəbdəbəli ritorikaya, komitələrə və komissiyalara, gizli iclaslara adət etmiş Betankurun şəninə toxundu, onu rəncidələndirdi. Elə o gündən etibarən Betankur Fidel Kastroya, Kuba inqilabına aidiyyəti olan hər şeyi qəddarcasına təqib edirdi.
Mitinqin ertəsi günü şəhər kənarında qonaqlıqdaydıq. Gözlənilmədən bizə motosikletçilər yaxınlaşıb Kuba səfarətxanasına dəvətnamə gətirdilər. Sən demə, bütün günü məni axtarırlarmış, harda olduğumdan təsadüfən xəbər tutmuşdular. Qəbul axşama təyin olmuşdu və Matildayla4 mən birbaşa səfarətxanaya yollandıq. Səfarətxana yanındakı küçələrə camaat yığışmışdı, zorla keçə bildik. O qədər adam dəvət olunmuşdu ki, bütün zallar da, bağ da dolu idi.
Biz əllərində kokteyl badəsi tutmuş adamların arasından ötərək zaldan-zala keçirdik. Kimsə bizi dəhlizdən keçirdi, sonra pilləkənlərlə ikinci mərtəbəyə qaldırdı. Yuxarıda bizi Fidelin dostu və şəxsi katibi Seliya gözləyirdi. Matilda onunla qaldı. Məni qonşu otağa dəvət elədilər. Bir bağbanın, ya da sürücünün yataq otağına bənzəyirdi. Otaqda balaca miz və çarpayı vardı. Kimsə çarpayını belə yığışdırmağa macal tapmayaraq getmişdi, hətta balışı da yerdəydi. Fikirləşdim ki, Kuba lideri ilə görüşmək üçün məni başqa, daha münasib otağa aparacaqlar. Amma yox. Qəflətən qapı açıldı və mən qapı içindəki bütün boşluğu öz vücuduyla dolduran Fidel Kastronu gördüm. O məndən heç olmasa bir qarış hündür idi.
Mənə sarı cumaraq – Salam, Pablo! – dedi və bərk-bərk qucaqladı.
Onun səsi çox yüksək idi. Elə görünüşü də müəyyən qədər səsinə uyğun gəlirdi. Fidel hündür kişi təsəvvürü yaratmırdı, daha çox hündür uşağa – birdən-birə ayaqları uzanan, seyrək saqqallı üzü isə yeniyetməninki kimi qalmış uşağa bənzəyirdi.
Qəflətən elə bil onu elektrik cərəyanı vurdu, məni qucağından buraxıb otağın o biri küncünə cumdu. Gizlincə otağa girmiş, kamerasını bizə yönəldən fotomüxbiri indi gördüm. Bir sıçrayışla özünü ona yetirən Fidel müxbirdən yapışıb əməli-başlı silkələdi. Kamera da yerə düşdü. Canını qurtara bilməyən bəstəboy fotomüxbirin yazıq görkəmindən qorxub irəli atıldım, Fidelin əlindən yapışdım. Məsələ onunla bitdi ki, müxbiri otaqdan çıxardılar. Sonra Fidel üzünü mənə çevirib gülümsədi, fotoaparatı qaldıraraq çarpayının üstünə tulladı.
Baş vermiş hadisə barədə bircə kəlmə də kəsmədən bütün Latın Amerikası üçün mətbuat agentliyi yaratmaq planı haqda söhbətə başladıq. Ola bilər ki, Prensa Latina5 məhz bu söhbət əsasında yaranıb. Tezliklə o bir qapıdan, mənsə başqa qapıdan qəbul gedən yerə qayıtdıq.
Bir saat sonra Matildayla mehmanxanaya qayıdarkən mən fotomüxbirin çaşqın sifətini yadıma saldım və partizan rəhbərinin reaksiyasınn itiliyi barədə düşündüm.
Bu mənim Fidel Kastro ilə ilk görüşüm idi. Niyə mənimlə şəkil çəkdirməyi qətiyyən istəmirdi? Görəsən bu işdə bir siyasət yoxdur ki? Mən heç indi də başa düşmürəm ki, hansı səbəbdən bizim söhbətimiz bu qədər məxfi oldu.
Çe Gevara
Çe Gevarayla ilk görüşüm isə başqa cür oldu. Bu görüş havanada baş verdi. O məni ya maliyyə, ya da iqtisadiyyat nazirliyinə – indi artıq yadımda deyil – dəvət etmişdi. Gecə saat birə yaxın onun yanına gəldim. Saat on ikiyə danışmışdıq, mən gecikdim: çox uzanmış bir iclasın rəyasət heyətində əyləşmişdim.
Çe Gevara uzunboğaz çəkmədə hərbi geyimdə idi, kəmərinə tapanca sancmışdı. Bütün bunlar bank binasının mühitinə qətiyyən uyğun gəlmirdi.
Gevara qarabuğdayı idi, aramla, aydın hiss olunan argentina ləhcəsində danışırdı. Adam bu şəxslə tələsmədən pampada açıq səma altında, isti mate içə-içə söhbətləşmək istəyirdi. O, qısa ifadələrlə danışır, onların hər birini təbəssümlə bitirirdi, elə bil müsahibini öz fikrini bildirməyə çağırırdı.
Gevaranın “Bəşəri mahnı” kitabım barədə dedikləri mənə ləzzət verirdi. O kitabı axşamlar Syerra-Maestra partizanlarına oxuyurmuş. İllər keçib, mən hələ də şeirlərimin lap ölənədək onun yanında olması barədə fikirdən əsim-əsim əsirəm. Reji Debre mənə danışdı ki, Gevara Boliviya dağlarında öz çantasında son saatınadək iki kitab saxlayırmış; hesab məsələləri kitabı və “Bəşəri mahnı”.
O gecə Çe Gevaradan, məni düşündürən və bəlkədə onun taleyini qismən izah edən sözlər eşitdim, biz Birləşmiş Ştatların Kuba üzərinə ehtimal edilən basqınından danışırdıq. O gah mənə baxır, gah da nəzərlərini qaranlıq pəncərəyə zilləyirdi. Mən Havanın küçələrində, müxtəlif yerlərdə qumla dolu kisələr görürdüm. Gözlənilmədən Çe Gevara dedi:
-Müharibə... Müharibə... Biz müharibə əleyhinəyik, amma nə qədər ki, vuruşuruq, müharibəsiz keçinə bilmirik.
O fikirlərini ucadan deyir, sözlərini özünə də, mənə də izah edirdi. Mat qalmışdım. Mənim üçün müharibə təhlükə idi. Onun üçün labüdlük.
Biz vidalaşdıq və onu bir də görmədim. Sonra isə Boliviya selvasında döyüş oldu və faciəli ölümünü eşitdik. Mənim yaddaşımda o, bütün qəhrəmanlıq döyüşlərində silahla yanaşı, poeziya üçün də yer saxlayan, xəyalpərəst bir insan kimi qaldı.
Latın Amerikası “ümid” sözünü çox sevir. Bizi “ümid” qitəsi adlandıranda xoşumuza gəlir. Deputatlığa, senatorluğa, prezidentliyə namizədlərimiz, özlərini “ümid” namizədləri adlandırırlar.
Əslində isə bu ümid təxminən vəd edilmiş, lakin daima təxirə salınan cənnət kimi, vəd edilmiş mükafat kimi bir şeydir. Gələn seçkilərədək, gələn ilədək, gələn əsrədək təxirə salınır...
Kuba inqilabı baş verəndə milyonlarla latın Amerikalı birdən yuxudan ayıldı. Onlar inana bilmirdilər. Ümid barədə ümidsiz arzularla yaşayan qitənin səlnaməsində əvvəllər belə bir şey olmamışdı.
Budur, indi isə əvvəllər heç kəsin tanımadığı kubalı Fidel Kastro ümidin saçlarından, ayaqlarından yapışıb uçmağa qoymur, onu öz mizi arxasında əyləşdirir. Latın Amerikası evindəki mizin arxasında.
O vaxtdan bəri reallığa çevrilmiş ümidə sarı aparan yolda uzağa addımlamışıq. Amma ürəyimiz narahatlıq içindədir. Qonşu ölkə – çox güclü impreialist ölkəsi Kubanı əzmək, bu ümidi yox etmək istəyir. Latın amerikalılar hər gün qazetləri oxuyur, hər axşam radioya qulaq asırlar. Və razılıq hissiylə nəfəs alırlar: Kuba yaşayır. Bir gün də ötür. Bir il də. Bir beş illik də...
Bizim ümidin başını kəsmədilər. O yaşayacaq!Qeydlər
1. “Mən də yaşamışam...” – Neruda bu kitabı ömrünün son aylarında, İsla-Neqrada bitirib.Sağalmaz bir xəstəlikdən yatağ düşmüş şair demək olar ki, son nəfəsinədək özünün ömür kitabı üzərindəki işini dayandırmır: kitabın Salvador Elyendeyə həsr olunmuş son səhifələri 1973-cü ilin sentyabrında- müəllifin ömrünün lap axırıncı günlərində qələmə alınıb.
2. Görüş 26 yanvar 1959-ci ildə olub.
3. Betankur - 1945-48ci illərdə və sonra yenidən 1959-1964cü illərdə Venesuelanın prezidenti olmuşdur.
4. Pablo Nerudanın həyat yoldaşı.
5. Prensa Latina - Latın Amerika Xəbər Agentliyi, Kubanın rəsmi dövlət xəbər agentliyi, Kuba inqilabından dərhal sonra 1959-cu ilin martında yaradılıb.