Qay Stendinq - Prekariat: yeni təhlükəli sinif


  Tərcüməçi önsözü: Aşağıdakı mətn – müəllif icmalı “Prekariat – yeni təhlükəli sinif” kitabının tərcüməsidir. Tərcümə bu məqsədə edilmişdir; ictimai elmlər sahəsində Rusiyanın Avropa və Amerika ilə müqayisədə durğun bölgə deyil, hətta canavar yuvası olması faktı şübhə yaratmır. Bu sahədə həm qərb “məşhurlarının” təşrifi, həm də tanınmış qərb monoqrafiyaların tərcüməsi də böyük intellektual hadisə sayılır.

   Yekun olaraq müəyyən sayda mənimsənilmiş konsepsiya, ideyalar və elmi leksikon vahidləri əldə etmişik. Hər şeyi bir kənara qoysaq, yarandığı kontekst çərçivəsində bu mənimsəmələrin uğursuz olması da faktdır.

Ən yaxşı nümunə Riçard Floridanın şəhər mühiti nəzəriyyəsi üzərində işindən ərsəyə gəlmiş məşhur “kreativ sinif” konsepsiyası ola bilər. Florida tərəfindən olduqca pis tədqiq edilmiş bu anlayış Rusiyada ideoloji boşluqları örtərək geniş yayıldı. Deməyə ehtiyac qalmır ki, nəticədə normal terminin əvəzinə, biz anlayışsız anlayış əldə etmişik.

Ola bilər ki, “prekariat” termini yaxın gələcəkdə çox populyarlıq qazansın. Əgər belə olsa, bu özünütəyinetmə prosesi və Rusiyanın iri şəhərlərinin küçələrindəki son etiraz aksiyalarının gedişatında ictimai siyasətə qarşı marağı artan qüvvələrin bölünməsi nəticəsində  baş verəcək. Bu həqiqətən baş verərsə, müşahidəçi üçün bunu izah etməyə adekvat dil lazım olacaq. Beləliklə, Stendinqin qeydlərinin tərcüməsi – oxucunun diqqətini ictimai proseslərin mümkün strategiyalarından birinə cəlb etmək cəhdindən başqa bir şey deyil. Bu strategiyanın aktual olub-olmamasını isə artıq zaman göstərəcək. Ola bilsin ki, hətta nəzəri əsassızlığına görə anlayışdan çıxarılacaq. Əsas məsələ növbəti boş məfhumun yaranmasına yol verməməkdir.

Prekariat – yeni təhlükəli sinif

İlk dəfədir ki, tarixdə solların çoxu hazırkı an üçün adekvat müzakirə mövzusuna malik deyil. Bu ona görə baş verir ki, təməl prinsiplərdən biri unudulub. Bütün mütərəqqi siyasi hərəkatların təməlində, inkişaf edən siniflərin qəzəb, ehtiyac və ümidləri dururdu. Bu gün bu cür sinif prekariat adlandırılır.

  İndiyə kimi Avropa prekariatı nümayəndələrini ancaq 1 May nümayişlərində və bacarıqsız şəkildə təşkil olunmuş etiraz aksiyalarında görmək olurdu. Ancaq vəziyyət çox sürətlə dəyişir, buna, yaxınlarda Yaxın Şərqdə prekariatın başçılığı altında olan üsyanların nəticəsi kimi İspaniya və Yunanıstanda baş vermiş hadisələr nümunə ola bilər. Xatırlayaq, “ümumi rifah dövlətləri”  o zaman yaranmağa başladı ki, kollektiv fəaliyyət ilə səfərbər edilmiş işçi sinfi müvafiq siyasi gündəmin və ictimai institutların yaradılmasını tələb etdi. İndiki prekariat isə hələ ki, tələblərinin nədən ibarət olduğunu müəyyən etməyə çalışır.

  Prekariat təməlində qloballaşma prosesi duran ictimai həyatın liberallaşması şəraitində inkişaf edib. Siyasətçilər ehtiyat etsələr, yaxşıdır. Bu, yeni təhlükəli sinifdir, baxmayaraq ki, o, Karl Marksın “özü üçün” adlandırdığı sinif anlayışından hələ uzaqdadır; prekariat – hələ ki – “özündə” olan şiddətli daxili mübarizə ilə parçalanan sinifdir.

  Bu sinif təminatsız, nəylə yaşadıqları naməlum olan, heç bir peşə inkişafı perspektivi olmayan, daim iş yerlərini dəyişən və təsadüfi işlərdə çalışan insanlardan təşkil olunub; prekariat – gələcəkdə onları nə gözlədiyini bilməyən milyonlarla ümidsiz təhsilli gənc, depressiv işdə kobud rəftara məruz qalan milyonlarla qadın; ömürlük cani möhürü vurulmuş  artan cinayətkar ordusu; milyonlarla “işqabiliyyəti olmayanlar” və bütün dünyanın miqrantlarıdır. Onlar yararlı vətəndaşlardan fərqli olaraq, sadəcə “obıvatellərdir” ki, onların ictimai, mədəni, siyasi və iqtisadi haqları əllərindən alınıb.

Sosial-demokratlar üçün həyəcan siqnalı

20-ci əsrin sosial-demokrat siyasəti üçün təməl olmuş sənaye işçi sinfi – proletariatdan fərqli olaraq,  prekariatın istehsala münasibəti əmək prosesində qismən iştirakının “işə görə əməklə” əhəmiyyətli dərəcədə uyğunlaşması ilə müəyyənləşir. Burada “işə görə əmək” – həcmi daima artan əvəzi ödənilməmiş fəaliyyətdir ki, iş yerini itirməmək üçün və hipotetik olaraq gələcəkdə mükafat almağa layiq olmaq üçün yerinə yetirilir.

Prekariatın bir sinif kimi sayının artması maliyyə şoku ilə şərtlənib, bu şok özü ilə müvəqqəti iş yerlərinin artması, işçi heyəti lizinqinin genişlənməsi, autsorsinq (müəssisə tərəfindən müəyyən biznes-proseslərin və ya funksiyaların yerinə yetirilməsinin digər müəssisəyə həvalə edilməsi) üzrə üsulların genişləndirilməsi və firmaların təqdim etdiyi maaş imtiyazlarının ləğv edilməsini gətirib. Bu maliyyə şoku, işçilərin həyat standartlarının vergi güzəştləri, subsidiyalar və ucuz kreditlə saxlanıldığı yanılma dövrünün sonuna çevrildi. Ancaq heç nə “Qərbdə” əmək haqqının azalmasını labüd edən qloballaşmanın yolunu kəsə bilmədi.

Beləliklə, prekariat artmaqdadır. Onun üzvlərinin böyük hissəsi heç bir professional və ya peşə birliklərinə aid deyillər; onların heç biri tarixi yaddaşa malik deyil, hansına ki, müəyyən suallara cavab tapmaq üçün müraciət etmək olardı; onların və müqabillərinin başı üzərində, fəalları sazişçilərə çevirəcək gələcəyin kölgəsi durmur. Bu bataqlıqda ən təhlükəli ictimai narazılığın və bütün günahların “böyük hökümətdə” və “özgələrdə” olduğunu bəyan edən ”popilist-siyasətçilərin insanların inamsızlığı və qorxuları üzərindən oynayacaqları ehtimalının mümkün artımı görülür. Biz hamımız prosesin rebrendinq sayəsində ağıllı şəkildə pərdələnməsinin şahidinə çevrilirik, xüsusilə də “Əsl finlər”, “İsveç demokratları” və ya fransız “Milli cəbhə” təşkilatlarından söhbət düşəndə. Onların tarixi əməkdaşları “ABŞ Çay Partiyası” (“Çayiçmə hərəkatı”), yapon neoofaşistləri, İtalyada faşistləşmiş Berluskoni tərəfdarları, İngiltərənin Müdafiə liqasıdır.

Mütərəqqi siyasətçilər nəhayət oyanıb anlamalıdırlar ki, cəmiyyətdə sağlan düşüncənin qorunması və maliyyə böhranı dalanından çıxış prekariatın ümidi, qorxusu və ehtiyaclarına olan reaksiyadan birbaşa asılıdır.

Bu müasir dünya nizamına qarşı mütərəqqi alternativlərin irəli sürülmədiyi ilk sistematik böhrandır. Dünyada sosial-demokratların çoxu baş verənləri qavraya bilmirlər. Onların ritorik fiqurları 20-ci əsrin fonunda donub qalıb və ən yaxşı halda bağlı sənaye cəmiyyətlərinə uyğun gəlirlər, ancaq “xidmət sferası” evfemizmi adlandırılan istehsal sahəsinə cəlb olunan insan həcminin daimi artıdığı müasir açıq cəmiyyət şəraitində onların yerləri yoxdur.

Bəzi sosial-demokratlar “sıxılmışlar”[1]  obrazı ilə səhv fikrə qapılıblar.  Ancaq təəssüf ki, bu obraz prekariat ideyası ilə düz gəlmir, belə ki, qloballaşmanın nəticəsi kimi ümumi sinfi parçalanma və ayırımı prosesi fonunda kimin “orta sinif” kimi qəbul olunduğu məlum deyil. Sosial-demokratlar bu termini işlədəndə olduqca ehtiyatlı olmalıdırlar, belə ki, bu, “Üçüncü yol” [2] ritorikası üzərində qurulub ki, onun çərçivəsində əmək bazarının çevikliyi və “yoxsullar üçün” məqsədli güzəştlər kombinasiyasının qurulmasının zəruriliyi mühakimə edilirdi, nəticədə orta təminatlı ailələrin yaşadığı çətinliklər yarandı. Qısacası, sosial-demokratlara “sıxılmış orta sinif” ifadəsindən sui-istifadə etməyə dəyməz, ona görə ki, gələcəkdə özləri onlardan biri ola bilərlər. Bunun əvəzində “prekariat” termininə müraciət etsinlər.

Prekarizasiya tələsi

Prekariat öz asudə vaxtının ağası deyil; prekariat iqtisadi cəhətdən müdafiə olunmayıb. Onun nümayəndələrinin bir çoxu “prekarizasiya tələsinə” düşür. Bu ən geniş yayılmış vəziyyətlərdən biridir – subsidiyalar vasitəsilə əhalinin yoxsul təbəqələri axmaq “müdafiə” siyasətinə cəlb olunurlar. Prekarizasiyanın tələsi iki halda işə düşür. Birincisi, güzəştlərin rəsmiləşdirilməsi prosesi yoxsulluğun bir addımlığında olan insanlardan müəyyən asudə vaxt tələb edir, bu ona gətirir ki, çətinlik kənardan o qədər də əhəmiyyətli görünmür. İkincisi, bir dəfə “yoxsulluğa görə” güzəşt və ya imtiyazlara əli çatmış insanlar müvəqqəti və aşağı əmək haqqı olan iş yerlərində çalışmağı mənasız hesab edirlər. Prekariat sıralarına düşməyənlər isə hər an bunun baş verəcəyini bilirlər. Onlar - mülkləri cəmi bir cüt saman çuvalına yerləşənlər qorxurlar ki, evsiz qalarlar. Çoxu şüurun prekarizasiyasından əziyyət çəkirlər və öz “mən”ini dəyişmək iqtidarında olmayanlar internetdə və ya digər üsullarla vaxt öldürürlər.

Ən qorxulusu odur ki, prekariatın əhəmiyyətli kəsimi və o cümlədən oraya qatılmaq üzrə olanlar neofaşizm yoluna düşə bilərlər. Və bu artıq baş verir. Populist-siyasətçilər, Berluskoni və Sarkozi başda olmaqla, öz ölkələrində prekariatın qorxuları ilə oynayırlar. Onların satqın populizmi elə bir siyasi strategiya ilə məğlub edilə bilər ki, bu strategiya prekariata utopiyanın gerçəkləşməsini təklif etsin: şəxsi həyatının idarəsi, zəmanətli ictimai və iqtisadi müdafiə, o cümlədən, müasir cəmiyyətdə əldə edilməsi lazım olan həyati vacib aktivlərin ədalətli bölgüsü. Bəs bu aktivlər nələrdir?

 

İqtisadi müdafiəsizlik

Bunlardan birincisi – iqtisadi müdafiəsizlikdir. Kobud desək, zəngin ölkələrin çoxsaylı və daima artan əhalisi heç də iqtisadi cəhətdən qorunmayıblar, halbuki varlılar tamamilə əks vəziyyətdədirlər. Müdafiəsizlik – ekstremizmin, xüsusilə də mahiyyətcə avtoritar olan ekstremizmin yayılmasının əsas şərtlərindən biridir. İqtisadi müdafiəsizlik insanları öz təbiətlərinin əksinə getməyə: altruizmin prinsiplərini, tolerantlığı, qarşılıqlı münasibəti və həmrəyliyi unutmağa vadar edir. Dərk etmək lazımdır ki, azad bazar prinsipləri üzərində qurulmuş, həm əməyin, həm də əmək şəraitinin zəmanət altında olmadığı cəmiyyətlərdə prekariatın iqtisadi müdafiəsizliyinin mahiyyəti qeyri-müəyyənlikdir(“qeyri-müəyyənin qeyri-müəyyənliyi”[3]) ki, onun nəticəsi təbii ki, sığorta olunmur. Heç bir sosial təminat, “yoxsullar üçün” güzəştlər prekariata kömək etmək iqtidarında deyil. İqtisadi təhlükəsizliyin zəruri səviyyəsinin təmin edilməsinin yeganə üsulu odur ki, bu ex ante (əvvəlcədən) gerçəkləşsin, yəni, hər vətəndaşa şərtsiz baza gəliri təqdim edilsin. Bu, Tomas Mor, Tom Peyn və Bertran Rassel kimi utopistlərin; görkəmli iqtisadçıların və ictimai mütəfəkkirlərin zərurətini iddia etdiyi tədbirdir.

 Tənqidçilər, əlbəttə ki, bəyan edəcəklər ki, bu cür şeylər bizim büdcəmizə uyğun deyil, bunlar iqtisadi artımı yavaşladır və ümumi tənbəlliyə təkan verir. Lakin çox tezliklə biz görə bilərik ki, bu cür şeylərə malik olmaya bilmərik. Hər bir insanın az da olsa, zəmanətli aylıq gəlir əldə etməsi ideyası daha legitim hal alır. Yeri gəlmişkən, tamamilə mümkündür ki, bu yanaşma ilk növbədə Braziliya kimi orta səviyyəli bazar iqtisadiyyatlarından birində gerçəkləşsin, burada ümumdövlət qanunlarında yazılıb ki, hökumət ölkənin bütün vətəndaşlarına şərtsiz baza gəliri təqdim etməlidir. Lakin indiki zamanda 50 milyondan çox braziliyalı “bolsa familia” (Braziliya hökumətinin ictimai rifah proqramı – tər.qeydi) sxemi üzrə pul aylıq pul köçürmələri alır; və bu rəqəm durmadan artmaqdadır. Braziliya ümumilikdə 21-ci əsrin az saylı ölkələrindəndir ki, vətəndaşlar arasında gəlir bərabərsizliyini azaltmağa müvəffəq olmuşdur, əhali mütərəqqi siyasətçilərə səs verib və ümumdünya maliyyə böhranı fonunda iqtisadi artım müşahidə edilir.

Yoxsulluq

Prekariatın strategiyası müasir cəmiyyətin digər əsas aktivləri üzərində, o cümlədən: zamanın keyfiyyəti, məkanın keyfiyyəti, biliklər və maliyyə kapitalı üzərində daha ədalətli nəzarət haqqında tələbləri ehtiva etməlidir. Maliyyə spekulyasiyalarından gələn bütün gəlirin, puldan pul qazanmaqdan başqa heç bir bacarığı olmayan elita təbəqəsinin kiçik bir hissəsinə çatmasının normal vəziyyət kimi qəbul edilməsi üçün heç bir əsaslı səbəb yoxdur. Bazar iqtisadiyyatı cəmiyyətində gəlir bərabərsizliyinin azaldılmasının yeganə yolu maliyyə kapitalı dövriyyəsindən əldə edilən gəlirlərin ədalətli bölgüsüdür.

Kitabımda yazdığım kimi, zamanın keyfiyyəti əsas aktivlərdəndir. Bizə elə bir siyasət lazımdır ki, bu resursun əldə edilməsini hər kəs üçün bərabər etsin. Yenə də, varlıların öz zamanlarını idarə etməsinin bu qədər çox, prekariatın isə - bu qədər az imkanı olmasına bəraət qazandırmaq olmaz. Bundan əlavə, prekariat nümayəndələri malik olduqları azca istirahət vaxtlarıdan müxtəlif bürokratik maneələrin dəf edilməsi, növbəti müvəqqəti iş yerinin axtarılması və tezliklə köhnəldiyinə görə çox güman ki istifadə edə bilməyəcəyi vərdişlərə yiyələnmək üçün vaxt ayırmalıdır. Bundan başqa, varlıların öz həyatlarını hansı yolla heç nəyə ehtiyac duymadan yaşamaları üçün məsləhət aldıqları, prekariatın isə - bu məsləhətlərdən məhrum olduğu bir cəmiyyət kimə gərəkdir? Yuxarıda sadalananlar – kiminsə keyfiyyətləri və çatışmazlıqları ilə əlaqədar olmayan struktur bərabərsizlik formalarıdır.

Nə üçün elita nümayəndələri və ağ yaxalıqlıların keyfiyyətli məkan resursuna çıxışları var, bu zaman prekariat isə parklar, kitabxanalar və s. “ictimai sərvət” obyektlərinin daimi ixtisarı ilə qarşılaşmalıdır? Böyük sənaye şəhəri Mançesterin rəhbərliyi bu yaxınlarda ictimai tualetlərin tam şəkildə ixtisarını elan etdi. Bizə ictimai istifadədə olan obyektlərin müdafiəsi üçün mütərəqqi strategiya lazımdır.

 Nə üçün prekariatın yaşayış yeri daima sökülmə təhlükəsi altındadır, varlılar isə etibarlı şəkildə bundan qorunublar? ABŞ-ın müxtəlif şəhərlərində dövlət xərclərinin ixtisarı prosesinə görə tez-tez olur ki, bəzi yanğınsöndürmə xidmətləri yalnız sığortalanmış evləri yanğından xilas edərək, sığortalanmamış evlərin yanıb külə çevrilməsinə sakitcə tamaşa edirlər.

Nə üçün ağ yaxalıqlılar, əllərində işə qəbul edənlərlə uzunmüddətli müqavilələri olmayanlara nisbətən çox daha ucuz kredit alırlar? Biz bu sualların cavablarını bilirik və onlar kiminsə “sadəcə olaraq” daha çalışqan və layiqli olmasında deyil; bərabərsiliyin bu cür çoxsaylı təzahürləri struktur xarakterə malikdirlər. Prekariatın qəzəbi artmaqdadır. Siyasətçilər hər şeyi qısa müddətdə düzəltsələr yaxşıdır, əks halda biz qəzəbin meyvələrini dadacağıq. Hələ gec deyil.

Mənbə: Policy Network

Qeydlər:

  1. “Sıxılmış orta sinif”, “sıxılmış orta” («the squeezed middle») – inflyasiyadan, əmək haqlarının dondurulmasından və iqtisadi çətinliklər zamanı dövlət xərclərinin azaldılmasından daha çox əziyyət çəkən və əsasən aşağı və ya aorta gəlirləri olan təbəqə. İfadənin müəllifi – Ed Milibanddır.
  2. Cari siyasi istiqamətin ideoloqlarının fikrincə - Üçüncü yol – kapitalizm və sosializm arasında bir yoldur. Entoni Giddens və Toni Blerin fikrincə, Üçüncü Yol sosial-demokratiyanın alternativi deyil, onun müasirləşmiş şəklidir.
  3. “Məlum müəyyənliklər var; bildiyimizi bildiyimiz şeylər var. Məlum qeyri-müəyyənliklər var; yəni bilmədiyimizi bildiyimiz şeylər var. Lakin həm də naməlum qeyri-müəyyənliklər var – bunlar, bilmədiyimizi bilmədiyimiz şeylərdir” – ABŞ müdafiə katibi, Donald Ramsfeld("There are known knowns; there are things we know that we know. There are known unknowns; that is to say there are things that, we now know we don't know. But there are also unknown unknowns – there are things we do not know, we don't know". — United States Secretary of Defense, Donald Rumsfeld)
 

(c) solfront.org