Məmməd Süleymanov- "Demokratiyanın qürubu"


Ölməz Ostap Bender “Qərb bizə kömək edəcək” kəlməsini ironiya ilə demişdi. Azərbaycanda yaxşı kitabları az oxuyurlar. Yoxsa bilərdilər ki, bu ironiya da onun müəllifi kimi ölməzdir. Qərbin diqqət və yardımına apellyasiya edənlər bir mühüm amili unudurlar – çoxdan manipulyasiya və təzyiq alətinə çevrilmiş “demokratiya” anlayışı artıq şirmadır, qışqıran şüardır, dekorasiyadır, təzəyin bəzəyidir. Və demokratiya barədə söhbətlər də mövzu tükənəndə susmamaq xatirinə nədən gəldi danışan iki avaranın tapıntısına bənzəyir. Təki susmasınlar. Yoxsa darıxacaqlar. Liberal dəyərlər və insan haqlarından dəm vuran ABŞ və Avropanın çoxüzlülüyünü azəri müxalifəti və obıvatel kəsim hələ qəbul etməsə də, iqtidar anlayıb və bundan məharətlə istifadə edir. 2005-in oktyabrında mitinqi vəhşicəsinə dağıdan iqtidarın nümayəndəsi “ABŞ-da da bu cür edirlər” deyən vaxtdan hələ xeyli əvvəl bu meyli görmək mümkündü. Bu, azəri iqtidarına öz repressiya və amansızlıqlarına haqq qazandırmaq üçün geniş sahə verir. Paradoks da bundadır – diktator özünə haqq qazandırmaq üçüq “demokratik” dünyanın təcrübəsini sadalayır. Göstərir ki, bizə ağıl öyrədən yankilər, anqlosakslar, fransızlar, ispanlar boğaza qədər zibilin içindədir. Ona görə də ağıl öyrətməkdən vaz keçib özlərindəki demokratiyanın qeydinə qalsınlar. Nə deyəsən, məntiqi arqumentdir. Siyasi məhbusların azadlığından dəm vuran ABŞ-da görmə qabiliyyətini tamamilə itirmiş hindu lideri Leonard Peltiyer 20 ildir siyasi məhbusdur. Nə olsun ki ABŞ-da onu “siyasi məhbus” yox, “qatil” adlandırırlar?! Elə bizdə də mərhum general Vahid Musayev, yaxud indi Rasim Əkbərov siyasi məhbus yox, “dövlət çevrilişçisi” idi. Bakını işgəncələrə son qoymağa çağıran ABŞ-ın gizli “şava türmələri” və “Əbu Qreyb biabırçılığı” var. Bu “demokratiyanın dayağı” olan dövlət Quantanamoda artıq 8-ci ildir ki əcnəbi vətəndaşları məhkəməsiz-istintaqsız saxlayır. Bizdə Fərhad Əliyevi bu cür “cəmisi” 19 ay saxladılar. Kim daha “demokratikdir”, deyin... İqtidara ağıl verən İspaniyanın türmələri bask inqilabçıları ilə doludur. Onların aclıqdan Buhenvald sakinlərini xatırladan fotoları qəzetləri “bəzəyir”. ETA üzvləri 20-25 ildir həbsdədirlər. Bizdə heç bu qədər “yatan” yoxdur. Nə olsun ki İspaniyada onlara “vicdan məhbusu” yox, bandit deyirlər? Elə bizdəkilərə də bandit deyilir. Britaniyada sırf milli azadlıq mücadiləsi aparan İRA-nın deşifrə olunmuş üzvlərinin əksəriyyəti illərdir “terrorçu” və “bandit” kimi türmələrdədir. Almaniyada RAF-ın birinci nəslinin üzvləri 25-30, ikinci nəslinin nümayəndələri isə 20-25 ildir məhbus mövcudluğu yaşayırlar. Əlbət, onlar da “siyasi məhbus” yox, “terrorçu”dur. Axı Avropa Birliyi ölkələrində rəsmən 1 nəfər də olsun vicdan məhbusu yoxdur. “İçəri”dəki minlərlə mübariz isə “destruktiv elementlər”, “qatillər”dir. Eynilə bizdəki kimi. Sözün birbaşa mənasında kannibalları hakimiyyətə gətirmiş və bəsləmiş Fransa deyildimi Yeni Kaledoniyada lap bu yaxınlaradək genosid aparan? Amma yox, Paris əhli Əliyevlərə demokratik islahatların vacibliyindən dərs keçir. Bir sözlə, heç vaxt olmadığı qədər məhz indi azərisayağı iqtidarlar özlərini cəzasız və təhlükəsiz hiss edirlər. ABŞ səfiri sənə siyasi məhbuslardan danışır? – Əli Həsənov ona Quantanamo ilə cavab verəcək. Fransa səfiri söz və nümayiş azadlığından söz açır? – Səməd Seyidov ona Parisdəki tələbə və Yerevandakı seçici etirazlarınin yatırılmasını misal çəkəcək. İngiltərə rəsmisi repressiyalara son qoymağa çağırır? – Sən də ona İraqdakı amerikos-anqlosaks genosidindən, 1 milyondan çox qətlə yetirilmiş iraqlıdan bəhs et, hələ desert kimi İRA-nı da xatırlat. Bu şkaladan baxanda, Qərb demokratiya və insan haqları sahəsində azəri rejimindən irəliyə getməyib. Nə olsun ki ABŞ bu istismarı yankilərin özlərinə yox, dünyanın müxtəlif yerlərindəki xalqlara qarşı edir? – məgər demokratlar üçün insan hər yerdə insan deyilmi? Qlobal miqyasda demokratik dəyərlərin devalvasiyası gedir. Həm də sürətlə və dönməz. Fukuyamanın “tarixin sonu” onsepsiyası öz başına uçur. Liberal dəyərlər elə bu liberalların özlərinin əlində praqmatik məqsədlərə çatmaq üçün effektiv silahdan başqa bir şey deyil. Şpenqlerin söylədiyi “Avropanın qürubu” daha eybəcər formada demokratiyanın qürubu ilə əvəzlənib. Demokratiya antidemokratların “sehirli çubuğu” olub. Və elə bir an gəlib çatıb ki, bu ikiüzlülüyü “mütərəqqi Qərb”in üzünə çırpmaqla istənilən diktator özünə indulgensiya qazanır. Qərb demokratiyasına səmimi inananlar isə sadəlövhlüyün sinoniminə çevrilir. Ancaq dünya dəyər və ideyalarsız qala bilmir. Deməli, Qərbsayağı demokratiyanın ölümünü gözləyin və dəfninə gecikməyin. Onun yerinə isə mütləq bəşəri dəfərlər və insani ideallar gələcək. Sol gələcək. Soyuq ağıllı ideya adamları ilə birlikdə. Hələlik isə Qərb demokratiyasının ikiüzlülüyü İlham Əliyev, Mişa Saakaşvili, Nazarbayev, Bəşər Əsəd... kimi personajların xeyrinə işləyir. Çünki onların demokratiyası ilə bunların diktaturası təkcə zahiri bər-bəzəyi ilə fərqlənir... 05.04.2008